Azərbaycançılıq müstəqil, suveren Azərbaycan istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının məfkurəsidir. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılıq məfkurəsi XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşmış və bir əsr ərzində davamlı təkamül yolu keçmişdir. Əlbəttə, bu gün azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiyası halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına səylə çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqisində, kinosunda və digər sahələrdə xalqın ruhunu, tarixini, milli - mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 1990 - cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsini, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır. Bu gün də çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq məfkurəsi müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabr ayının 9-da Dünya azərbaycanlılarının l qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet istiqamətini nəzərə çatdırmışdır: "Müstəqil Azərbaycan dövlətinin əsas məfkurəsi azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli - mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Azərbaycançılıq xalqımızın çox əzab - əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Bəli, bu sərvəti yaradan da, yaşadan da, bu günümüzə qədər qorunub saxlanılmasına səbəbkar olan şəxsiyyət məhz ulu öndər Heydər Əliyevdir. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, eyni zamanda, gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Təsadüfi deyildir ki, Heydər Əliyev azərbaycançılıq və dövlətçiliyi milli ideologiyanın iki ən əsas tərəfləri kimi, müəyyən mənada bir medalın iki üzü kimi qiymətləndirirdi. Ona görə də, Heydər Əliyev təkcə bilavasitə dildən, dindən, milli - mənəvi dəyərlərdən bəhs edərkən yox, həm də bütövlükdə dövlətçilikdən, Azərbaycanda dövlət quruculuğundan bəhs edərkən azərbaycançılıq təlimini ön plana çəkirdi. Dünyada müstəqil Azərbaycan dövləti vardır,Azərbaycan xalqı vardır. Onun öz mükəmməl dili, zəngin milli mədəniyyəti, özünəməxsus adət - ənənələri vardır. Bunları qoruyub saxlamaq, inkişaf etdirmək və gələcək nəsillərə ərməğan etmək müqəddəs bir vəzifədir. Bu gün bu vəzifənin həyata keçirilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Bəli, bu ideologiyanın banisi Ümummilli lider Heydər Əliyevdir. Bu gün azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının həmrəyliyi miqyasının genişləndirilməsi siyasəti müasir mərhələdə Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasının dövlətçiliyimizin siyasi və mənəvi sütunu kimi xarakterizə edərək demişdir: "Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyub saxlayan dəyərlərimiz olmuşdur. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bu gün azərbaycançılıq məfkurəsi bizim əsas ideologiyamızdır". Sevda Məmmədova,Xocalı rayon gənci